Hamidov: Dudayev, Türk-Vaynakh Olduğunu Söylerdi

İskender Hamidov ve Cahar Dudayev

İsgəndər Həmidov kimin ona necə baxmasından asılı olmayaraq, Azərbaycan’ın özündə zəngin informasiya gəzdirən ən nadir adamlarından biridir. O, elə hadisələrə şahidlik edib, Azərbaycan dövlətinin elə günlərində ciddi vəzifələrdə çalışıb ki, bildiyi çox şeylər var təbii ki. Biz onu bacardığımız, çatdırdığımız ölçüdə danışdırmağa çalışdıq. Və… qalır bu müsahibəni izləmək və oxumaq.

– İsgəndər bəy, xoş gördük sizi “Qaynar Qazan” verilişində… Uzun zamandır, dərdləşmək istəyirdik…

– Çox sağ olun dəvətə görə də, yada saldığınıza görə də… Ümumiyyətlə, Əvəz Zeynallı belə olmalı idi. Həmişə kimsə kimisə unutmaq istəyəndə, sən o adamı tapıb söhbət edirsən və səmimi söhbət gedir. Mən də sənə minnətdaram.

Allah eləsin, bu “Qaynar Qazan” ınız o qədər qaynasın ki, ordan ürəyiniz istəyən hər şey çıxsın – balalarımıza, balalarına, dostlarımıza, qohumlarına, vətənə faydalı şeylər çıxsın.

– “Xeyirli-uğurlu olsun” deyirsiniz yəni… Unudulmaqdan başladınız… Allah eləməsin, yoxsa unudulmaqdan narahatsınız?

– Yox, qətiyyən. Ümumilikdə müxalifətin vəziyyətini bilirsiniz. Televiziyalar üzümüzə qapalıdır, cəmi bir-iki müxalifət qəzeti var. Müxalifətin televiziyalara buraxılmaması nöqteyi-nəzərindən deyirəm. Xalqın içində unudulmamışıq. Amma televiziyalar, ekran çox böyük təbliğat maşınıdır. Bizi ekranda az görürlər və elə bilirlər ki, biz fəaliyyətsizik, heç bir fəaliyyət göstərmirik. Amma biz fəaliyyətdəyik, hər işimizi görür, sadəcə özümüzü təqdim edə bilmirik. Sizin “Qaynar Qazan” verilişiniz mənim gördüyüm işləri bir daha göstərəcək və görünəcək ki, biz nə fəaliyyətdəyik. Milyonlar töküb telekanallar saxlaya, yenilərini aça bilərlər. Amma əsas odur ki, o telekanallarda kimlər işləyir və onu kim işlədir. Əsas məqsəd odur ki, camaatın diqqətini kim cəlb edə bilər. Hamı bilir ki, Əvəz Zeynallı həqiqəti hər şeydən üstün tutur. İsgəndər Həmidov da həqiqəti hər şeydən üstün tutur. Amma bizim telekanallarda, media holdinqlərdə o həqiqət yoxdur axı… Camaatın bildiyi yalanı həqiqət kimi sırıyırlar. Ona görə də televiziyalara camaat baxmır. Amma Əvəz Zeynallının hazırladığı verilişə deyirlər ki, əgər o verilişin içində yalan məlumat gedibsə belə, deməli, bu, Əvəz Zeynallının özünün inandığı üçün baş verib. O, hansısa məlumatı kiminsə göstərişi, sifarişi, hansısa məmurun pulu ilə vermir. Əvəz Zeynallının özü verir həmin məlumatı… Ona görə də sizə maraq var, onlara maraq yoxdur… Bu millətə nə qədər yalan danışmaq olar? Onsuz da bu millət bu yalanı 25 ildir eşidir də… Yalan, iftira, bir-birinə yalandan ləkə vurmaq, Ermənipərəst demək, rüşvətxor demək… Amma bunları da ən böyük Ermənipərəstlər, rüşvətxorlar deyirlər bizim ünvanımıza… Bunu da xalq bilir, bildiyi üçün də onlarda ikrah hissi oyanır.

– Mən, əslində müsahibəyə haradan giriş edəcəyimi fikirləşirəm. Ünvanınıza o qədər maraqlı suallar gəlib ki… Ayaz Ağayev soruşur: “İsgəndər bəy Azərbaycanda tam azaddırmı? Necə olur ki, son iki ildə özlərini Elçibəy-Rəsulzadə yolunun davamçıları adlandıranlar ortaq birlik yarada bilmədilər? Bugünkü müxalifət partiyalarının fəaliyyəti sizi qane edirmi?” Ümumiyyətlə, müxalifətlə, onların bugünkü fəaliyyətlərilə bağlı xeyli sual var. Mən onları yeri gəldikcə verəcəm…

– Tam azad insan yoxdur. Biz səninlə məhbəs həyatı keçirmişik. Azərbaycan ən böyük məhbəsxanadır. Fərdi həbsxana ilə Azərbaycanın bir fərqi var ki, orada bizə nəzarət edənlər serjantlar, leytenantlar idi, Azərbaycanda isə bizə nəzarət edənlər nazirlər, generallardır. Həmin türmədir. Həmin çərçivədən heç hara çıxmayıb.

– Biraz böyük formadır, yəni?

– Böyük formasıdır. Bir az da iyrənc formasıdır. Tam azad insan o vaxt olmaq olar ki, onun xalqı da, milləti də azad olar. Demokratiya olar, xalqın səsi eşidilər. Azlığın çoxu, çoxluq tərəfindən qəbul edilər. O zaman deyərik ki, azadıq. Azadlığın ikinci məfhumu da var. Əgər mən ”“ İsgəndər Həmidov, siz ”“ Əvəz Zeynallı azdan-çoxdan millətini sevən insanlarıq və biz dədə-baba yurdumuza gedə bilmiriksə, necə “azadıq” deyə bilərik? İkimiz də dağ adamıyıq. Dağ adamı sərt olsa da, səmimi olur. Əgər biz o gözəl yerlərə gedə bilmiriksə, o dağlara çıxa bilmiriksə, oranın acı, şaxtalı havasını, yazının çiçəkətirli qoxusunu içimizə, sinəmizə çəkib, qəbul edə bilmiriksə, hansı azadlıqdan söhbət gedə bilər? Əlbəttə ki, tam azad deyilik.

– Müxalifətin fəaliyyətilə bağlı…

– Müxlifətin bir dənə çatışmayan cəhəti var. Mən bunu müxalifətə bütünlükdə deyil, liderlərinə aid edirəm. Onlar daxillərindəki “mən” sözünü “biz” sözü ilə boğa bilmirlər. Nə vaxt ki, “mən” sözü “biz” sözü ilə əvəz olunacaq, hər şey də öz yerini alacaq. Amma müxalifətin iqtidardan fərqli cəhəti var. Taleyüklü məsələlərdə – Vətən, millət məsələlərində müxalifət birləşə bilir. İqtidarı isə yalnız pul birləşdirir. Onlar pulu mənimsəyib, bölmək məsələsində birləşə bilirlər. Ona görə də müxalifətin birləşməyi labüddür və inanıram ki, gec-tez birləşəcək.

– Xəyal Aslanov sual verir: “Azərbaycan’da hal-hazırda xalqı arxasınca apara biləcək insan, sizcə, varmı və kimdir? Müxalifət partiyalarının çoxluğu və müxlifət liderlərinin birləşə bilməməsi sonunda xalqın inamına zərbə vura bilərmi?”

– Çox gözəl sualdır. Bu suala rəhmətlik Cövhər Dudayevin kəlamı ilə cavab vermək istəyirəm. Birgün Çeçenistan’da olanda Cövhər Dudayev’ə mənim yanımda sual verdilər ki, “sizcə, Çeçenistan’da nə qədər qəhrəman var?” O da dedi ki, “mən bir milyon birinci qəhrəmanam…”

– Yəni bütün Çeçenlər qəhrəmandırlar…

– Çeçenistan’ın ümumi əhalisi cəmi 700 min nəfər idi. Onun fikrincə, 300 mini də hələ ondan sonra doğulacaq və 1 milyon 1-ci qəhrəman da Dudayev olacaq. Mən Cövhər’lə söhbət edəndə özümdə onu aşkar etdim ki, qəhrəman, lider axtarmaq lazım deyil, xalqı lider eləmək lazımdır. Lider xalqın içindən də qəhrəman çıxacaq. Xalq özü liderə çevrilməlidir. Xalq özü liderə çevriləndə vətən basılmaz. Xalq liderə çevriləndə onun səsi oğurlanmaz. Xalqı lider yetişdirmək lazımdır. Azərbaycan’da kifayət qədər savadlı, dünyagörüşlü, bilikli insanlar var. Uşaq vaxtı nənələrimiz bizə “Ağ atlı oğlan”ın, “Məlikməmmədin nağılı”nı danışırdı. Sadəcə, “Ağ atlı oğlan”, “Məlikməmməd” axtarmaq lazım deyil, Ağ atlı oğlan da xalqın içindədir, Məlikməmməd də… Liderlikdən söhbət gedirsə, xalqı lider eləmək lazımdır.

– Yeri gəlmişkən, Dudayev’lə bağlı sualımız da var. Taleh Məmmədov soruşur ki, “necə oldu Dudayev’i Bakı’ya gətizdirə bildi?” Ümumiyyətlə, sizin Dudayev’lə dostluğunuzun tarixi mənim üçün də maraqlıdır…

– Dudayevlə mənim dostluğumun tarixi 40 ildən çoxdur. Sovetin vaxtından hər ikimiz leytenant idik. Təsadüfən bir gün eyni kafedə çörək yedik. Tanış olduq və sonralar da əlaqələrimiz davam etyməyə başladı.

– Harada İsgəndər bəy?

– Moskva’da. Yəni Dudayev elə-belə insan deyildi. Dudayev uzaq uçuşlu strateji aviasiyanın rəhbəri idi. O vaxtlar bu vəzifəni tutmaqdan ötrü Siyasi Büro’nun təsdiqi olmalı idi. Çünki nüvə silahı daşıyıcısı idi. Çox savadlı, dünya görüşlü, cəsarətli, əsl zabit idi. İkincisi, Dudayev’i Bakı’ya mən gətirməmişəm. Onu, heç kəs heç yana apara bilməzdi. Mən telefonu qaldırıb, demişəm ki, “Cövhər, sən mənə lazımsan.” 45 dəqiqə sonra öz təyyarəsilə gəlirdi, soruşurdu ki, “məni niyə qarşılamırsan? Mən Bakı’dayam.”

– Nəyə görə sizə lazım idi? Nə baş vermişdi?

– Birincisi, biz “Qafqaz Evi” yaratmaq istəyirdik. Onu yaratmaqda da məqsədimiz Rus istilasının qarşısının alınması idi. Birgün rəhmətlik Əbülfəz bəy məni çağırdı. Yanına getdim, gördüm ki, Şevardnadze oturub Əbülfəz bəylə söhbət eləyir. Məndən soruşdu ki, Cövhər Dudayev’i Bakı’ya dəvət edə bilərsən mi? Dedim, bilərəm. Dedi, bildirmə ki, Şevarnadze buradadır. Dedim, hətta bilsə də ki, Şevarnadze buradadır, mən desəm, gələcək. Dediyim kimi, zəng vurdum ki, “Cövhər, mənə lazımsan.” 45 dəqiqə sonra öz təyyarəsilə gəldi, soruşdu ki, “məni niyə qarşılamırsan? Mən Bakıdayam.” Gəldi, Prezident iqamətgahında Prezident’in otağına girdi. Bir neçə saat orada söhbət elədik. Mən dəfələrlə çıxmaq istəyəndə Şevardnadze də, Əbülfəz bəy də, Dudayev də imkan vermədilər. Məsələ belə qoyulurdu ki, birinci Çeçenlər bizə kömək edirlər, biz Qarabağ’ı azad edirik, sonra Çeçenlər Gürcüstan’ın da ərazi bütövlüyünü bərpa etməyə köməklik edir. Sonra “Qafqaz Evi” yaranır. Ümumi “Qafqaz Evi”nin yaranması nəticəsində şimala qarşı sədd qurulur. Hamı razılaşdı. Əl-ələ verib çıxanda Cövhər Dudayev dedi ki, “amma bu qoca tülkü bütün danışıqları pozacaq.” Barmağını da baxın, belə (göstərir) Şevardnadze’yə tərəf yönləndirdi.

– Üzünə dedi?

– Üzünə! Cövhər kimdən qorxurdu ki? Ya da nədən qorxurdu ki? Dedi ki, “bu qoca tülkü bütün danışıqları pozacaq.” İnanırsınız mı, dediyi kimi də oldu. Əgər xatırlayırsınızsa, Abxaziya’dan, Osetiya’nın şimal tərəfindən…

– Mənə nə üçünsə elə gəlir ki, mən bu haqda məlumatı ilk dəfədir ki, eşidirəm.

– Elə şeylər var ki, mənimlə qəbirə gedəcək. Ancaq artıq Cövhər ölüb, Əbülfəz bəy ölüb, ona görə də danışıram. Danışıqların birinci mərhələsi kimi, Cövhər Abxaziya’dan, Osetiya’dan Şamil Basayev başda olmaqla bütün qoşunları çıxardı. Qalan bütün planların hamısını Şevardnadze pozdu. Cövhər’də üstün bir keyfiyyət var idi, heç bir zaman dostuna deməzdi ki, gördün, sən dedin, mən elədim, amma bu səbəbdən iş pozuldu.

– Yeri gəlmişkən… Haradasa yadıma düşdü, səhv etmirəmsə, Rəhim Qazıyev bizə müsahibə verərkən demişdi ki, Cövhər Dudayev’dən silah almaq istəyiblər. Danışılıb, anlaşılıb, amma sonda Bakı’dan zəng gedib ki, bu adam Rəhim Qazıyev’dir, ona olmaz. Belə bir hadisə olubmu?

– Rəhim bəy haqqında Cövhər Dudayev’in heç anlayışı yox idi. Məncə heç onların görüşü də olmayıb. Burada biz görüş vaxtı belə bir məsələ qalxdı ki, Çeçenistan’ın xarici əlaqələri genişdir, bizə İngiltərə’dən yeni silahlar, silah növləri ala bilərlər. Onda Əbülfəz Elçibəy Daxili İşlər Naziri’nin vasitəsilə Cövhər Dudayev’ə pul verdirdi. Mənə qarşı qaldırılan cinayət işində bir iddia da bu idi. Əgər xatırlayırsınızsa, Rusiya’da “Vremya” xəbərlər proqramı var idi, orada dedilər ki, Cövhər Dudayev’lə İsgəndər Həmidov’a silah alan iki Çeçeni iki Erməni öldürüb. Yəni silahların gəlməyi ləngidi. Bizim hakimiyyət devriləndən sonra Cövhər Dudayev, Azərbaycan hakimiyyətinə iki dəfə deyib ki, “sizin pulunuz məndədir, istəyirsinizsə, ya pulu göndərim, ya da silahı…” Onlar da imtina ediblər. Bunu mənə maddə olaraq yükləyəndə Cövhər Dudayev üç dəfə məktub göndərdi. Nümayəndəsini yolladı. Cövhər Dudayev’in bizə o həddə məhəbbəti var idi ki, Çeçenistan müstəqilliyini elan edəndə, mənə zəng vurdu ki, “sən mənə lazımsan…” Mən də oturdum təyyarəyə, birbaşa ora uçdum. Dedi, “mən bayrağımızın üstündə hansı rəmzi götürüm?” Mən də dedim ki, “axı sən özün deyirdin ki, Türksən. Türk hansı rəmzi götürər?” Əgər baxmısınızsa, bu gün də Çeçenistan’ın bayrağında “Yatmış Qurd” rəmzi var. Nə üçün yatdığını soruşanda dedi ki, Çeçenlər tam azad olanda yatmış qurd oyanacaq və ayaq üstə duracaq.

– Yəni Çeçenistan’ın bayrağının rəmzi ideyasını siz vermisiniz?

– Bayraq özü vardı, amma rəmzinin ideyasını, bəli, mən verdim. Cövhər Dudayev’lə bizim çox söhbətimiz olmuşdu. Çeçen-İnquş adlı millət yox idi və hamı bilir ki, bunlar “Vaynax” irqinə aiddirlər. Biri Çeçen’in aullarında, digəri İnquş çayının ətrafında yaşadığı üçün onlara “Çeçen-İnquş” deyiblər. Hətta xatırlayırsınızsa, Rusların böyük bir kitabı var “İqor polku-alayı haqqında Dastan” çox mübahisəli kitabdır. Çünki həmin polkun tərkibində Türklər olublar. Burada Ruslar Azərbaycanı işğal edib, çapıb talayanda, orada Vaynaxlar bunlara necə müqavimət göstərib, qarşılarını alıblarsa, bu gün də o qəhrəmanlığı edənin qəbri bilinmir haradadır.

Yəni onlar Türk olduqlarını, Cövhər Dudayev Türk-Vaynax olduğunu deyirdi və bununla da fəxr edirdi. Bu abidə birliyi bizi birləşdirirdi. Dostluğumuz, yoldaşlığımız öz yerində, digər tərəfdən də şimal qonşularımızdan gələn təhlükəni hər ikimiz həm görür, həm də bilirdik. Və mən də Çeçenistan’ın güclənməyini ona görə istəyirdim ki, ən azı, Çeçenistan bizimlə Rusiya arasında bir sədd idi.

– Burada təbii bir sual yaranır. Cövhər Dudayev’lə bu qədər dost olmusunuz. Cövhər Dudayev balaca bir “dövlət”in rəhbəri olub, siz isə böyük Azərbaycan’ın naziri, generalı idiniz. Niyə Cövhər Dudayev Rusiya boyda böyük bir dövlətlə bu qədər uzun müddətə vuruşa, döyüşə bildi, amma siz heç bir duruş gətirə bilmədiniz?

– Sual qoyulub, ona cavab verəcəyik. Amma sualın mahiyyəti ayrı fasondadır. Cövhər Dudayev, Rusiya imperiyasına qarşı döyüşür, vuruşurdu. Biz isə Əbülfəz bəyin vaxtında Rus qoşunlarını, ümumiyyətlə, Azərbaycan’dan çıxardıq. Yəni biz Ruslara qarşı lazım olanı etdik, amma…

– Deyirsiniz ki, özümüz-özümüzə qarşı vuruşmadıq?

– Bəli, özümüz-özümüzə qarşı vuruşmadıq. Onun məqsədi, hədəfi ayrı idi, bizim hədəfimiz və məqsədimiz, millət və torpaq idi. Ona görə də onların döyüş taktikası ilə bizim döyüş taktikamız arasında böyük fərq var idi.

– Siz də, Əbülfəz bəy də Heydər Əliyev’i çox istədiniz. Bütün bunlar ondanmı qaynaqlandı?

– Bu suala mən cavab verməkdə çətinlik çəkirəm. Əbülfəz bəy də, Heydər Əliyev də dünyalarını dəyişiblər. Qədim Türklərdə yaxşı bir qayda vardı; ölən adam haqqında ya yaxşı danışırdılar, ya da heç nə danışmırdılar. Mən də ölənlər haqqında heç nə danışmayacam. Amma mən Heydər Əliyev’i heç vaxt sevməmişəm, sevmirəm də, heç vaxt da sevməyəcəm. Heydər Əliyev şəxsiyyətinin kim olduğunu mən Daxili İşlər Naziri olanda bilirdim. Dediklərimin həqiqiliyini yoxlamaq üçün çox da uzağa getmək lazım deyil, Ali Məhkəmə’nin arxivlərini açıb 1969-1974 illərdə nə qədər adama ölüm hökmü kəsilib, baxın, nə qədər insanlar həbs olunub ona da baxın. Özü də nə məqsədlə – tək Moskva’ya hesabat verməkdən ötəri.

– Elə mən də bu məsələnin üzərinə gəlirdim. Müəyyən dövrlərdə sizin Heydər Əliyev’lə münasibətləriniz ziqzaqlı olub. Bununla bağlı sizə ünvanlanmış suallar da var. Bilmək istəyirlər ki, münasibətləriniz hansı səpkidə olub dost mu, düşmən mi olubsunuz? Çünki bir Naxçıvan məsələsi də var idi…

– Bəli, var idi!

– Mən istərdim ki, onunla da bağlı fikir bildirəsiniz.

– Birincizi, Heydər Əliyev’lə mən Daxili İşlər Nazirliyi’ndə inspektor işləyəndən rastlaşmışıq.

– Deyilənlərə görə, sizi Eldar Həsənov’la birlikdə həbs edəndə Heydər Əliyev sizi xilas eləyib…

– Yox… Eldar Həsənov’la məni heç bir zaman tutmayıblar…

– 1982-ci ildə… Sərdar Həmidov deyir…

– Xeyr, biz tutulmamışıq, Heydər Əliyev də heç 1982-ci ildə Bakı’da yox idi. O zaman baş katib Kamran Bağırov idi. Sərdar tarixi bir az səhv edir. Biz, nə mən, nə də Eldar Həsənov heç bir vaxt həbs olunmamışıq. Heydər Əliyev’lə mən 2-3 dəfə rastlaşmışam. Bir dəfə Naxçıvan’da, iki dəfə Bakı’da, bir dəfə Əbülfəz bəyin otağında… Azərbaycan’da iki nəfər insan var. Əgər onlar Hollivud’da kinoya çəkilsəydilər, “Oskar” ın bütün mükafatlarını alardılar. Onlar Azərbaycan’ın siyasi həyatına, ab-havasına bir aktyor kimi daxil oldular və aktyor kimi də tərk elədilər. O insanların, məsələn, ağlamağı ilə gülməyinin arasında yarım dəqiqə fərq olurdu. Mən də bunu bilirdim və neçə dəfə də görmüşdüm. Qaldı ki, Naxçıvan məsələləri… Yaxşı ki, bu haqda sual verdiniz. Aydınlıq gətirmək istəyirəm. Hamı deyir ki, guya, mən demişəm ki, Heydər Əliyev’i cibimə qoyub gətirəcəm. Bu hadisəni ANS kanalı çox yaxşı verdi. Əksinə, Naxçıvan’da biri demişdi ki, İsgəndər’i cibimə qoyub gətirəcəm. Mən də demişdim ki, cibini yekə tut, mən çox böyüyəm. Naxçıvan’da qarşıdurma var idi və mən də bir Daxili İşlər Naziri kimi ora getməli idim. Təəssüf olsun ki, getməyə qoymadılar.

– Kim qoymadı?

– Məni Əbülfəz bəy aeroportdan qaytardı. Niyə qaytardı? Əbülfəz bəyə Allah qəni-qəni rəhmət eləsin. Afiyəddin Cəlilov’la, Fazil Qəzənfəroğlu məndən qabaq Naxçıvan’a getmişdilər. Gəldilər, aeroportda Əbülfəz Elçibəy’ə hesabat verdilər ki, Heydər Əliyev Azərbaycan hökumətini tanıyır. Çünki Naxçıvan’ı Azərbaycan’dan tamam ayırırdılar. Konstitusiya’ya get-gedə dəyişiklik edə-edə Naxçıvan Azərbaycan’dan tamamilə aralanırdı. Əbülfəz bəy də öz şəxsi avtomobilini göndərdi, məni hava limanından qaytardılar.

– Yoxsa gedəcəkdiniz?

– Mən getməliyəm, bu mənim borcum idi. Əgər qarşıdurma var idisə, mən bir nazir olaraq getməli idim. Niyə Bərdə’də banda qarşıdurma yaradır, Daxili İşlər Naziri cinayətkarlarla vuruşur, mübarizə aparır, qarşısını alır. Şəki də olur, Lənkaran da olur, mən ora gedirəm, alqışlanır. O zaman mən nə üçün NaXçıvan’a getməməli idim?

– Yəni bu dövlətin bir yeridirsə, qarşıdurma yaranırsa, siz getməlisiniz…

– Bəli, mən getməliyəm. Dedilər, orada böyük bir qarşıdurma var. Mən də Daxili İşlər Naziri’yəm, ora gedib, o qarşıdurmanın qarşısını almaq da bilavasitə Daxili İşlər Nazirliyi’nin funksiyasına aiddir. Əbülfəz Elçibəy bu dövlətin Ali Baş Komandanı olduğu üçün və mən də bu dövlətin naziri olduğum üçün mənə əmr vedi ki, qayıt geri, mən də qayıtdım.

– Zahidə Vulkan soruşur: “Nazir olanda bozqurdlarını hava limanına aparmışdı ki, Naxçıvan’a gedib Heydər Əliyev’in dərsini verəcək. Heydər Əliyev Milli Məclis’in sədri olanda ona dedi ki, “siz olun mənim dayım…” Bunun anlamı nədir?”

– Gəlin, bu məsələyə də aydınlıq gətirək. Özündə məsuliyyət hiss edən hər bir adam mövcud protokollarla tanış ola bilər. Zeynəb Xanlarova sağdır, Heydər Əliyev dünyasını dəyişib. Azərbaycan’ın müstəqilliyi ilə bağlı mən çıxış elədim. Məndən 3 adam sonra Heydər Əliyev çıxış elədi. Foyedə Zeynəb xanımla Heydər Əliyev gəzərkən mənə dedi ki, “kaş, sənin kimi mənim bir bacım oğlu ola…” Mən də dedim ki, “Azərbaycan’da yığdığının yarısını ver mənə, sənə bacıoğluluq eləyim.”

Yəni deyirsiniz ki, söhbət belə olub?

– Bəli… Zeynəb xanım da orada şahid olub.

– Heydər Əliyev deyib ki, “kaş ki, sənin kimi bir bacım oğlu ola…”

– Bəli… Sonra da əgər xatırlayırsınızsa, – sual verən xanıma da bunu xatırlatmaq istəyirəm – Heydər Əliyev’in üstünə hamı düşəndə mənə çox pis gəlmişdi. Milli Məclis’də çıxışım zamanı dedim ki, siz bu adamın paltosunu tutanda özünüzə şərəf bilmisiniz. İndi siz onun haqqında bu nədir, danışırsınız? Bizim haqqımız var onun haqqında danışmağa, sizin yox. Heydər Əliyev mənə dedi ki (o, özünə yaxın bildiyi adamları adı ilə çağırardı) “İsgəndər bəy, yadındadır, heç kəs məni müdafiə etməyəndə, sən məni müdafiə etmişdin.” Mən də dedim ki, “Çox gözəl yadımdadır. Onda sən tək qalmışdın. Bir dayı-bacoğlu söhbəti də olmuşdu aramızda…” Ona görə məsləhət bilirəm ki, o xanıma deyin, inanmırsa, o zamanın stenoqramlarına baxsın. Mən deməmişəm ki, sənin bacın oğluyam. Demişəm ki, “aramızda bir dayı-bacoğlu söhbəti olub.” Mən ona eşitdirmək istədim ki, o söhbət gücündə qalır. Sən mənə təklif elədin, mən yox dedim. O söhbət gündəmdə qalır. Onda qayıtdı ki, “İsgəndər, sən özünü yaxşı aparmırsan.” Artıq İsgəndər bəydən İsgəndər’ə keçdi.

– Ramin Sadıqlı soruşur: “İsgəndər bəy niyə əfv ərizəsi yazıb, azadlığa çıxdı, Heydər Əliyev’in məzarına niyə əklil qoydu?” Siz əfv ərizəsi yazmısınız?

– Bütün Azərbaycan deyir ki, İsgəndər Həmidov 10 il yatdı, əfv ərizəsi yazmadı… Bütün Azərbaycan bilir ki, yeganə siyasi dustaq olmuşam ki, o vaxtı mən əfv ərizəsi yazmamışam. Hər il təklif olunub, amma yazmamışam. Sən, yəqin, türmədə də olmusan və eşitmisən bu haqda… 10 il yatmışam, amma əfv ərizəsi yazmamışam. Məni Heydər Əliyev əfv eləməyib. Çıxmağıma 1 il qalmış, Avropa Şurası’nın qarşısında öhdəçilik götürmüşdülər ki, 2003-cü ilə qədər siyasi dutSaqları buraxacağıq, 2002-ci ilin 30 Dekabr’ında məni əfv eləyiblər. O ki qaldı Heydər Əliyev’in məzarına gedib baş əyməyə, əgər belə bir şey olsaydı, yəqin ki, çəkib tez-tez təbliğ edərdilər.

– Tez-tez də verərdilər…

– Mən Heydər Əliyev’in məzarının üstünə getməmişəm. Bu söhbət haradan yaranıb? 5-6 ağzıgöyçək mənə dedi ki, Heydər Əliyev’in məzarının üstünə getmisən. Dedim ki, lap yaxşı eləmişəm. Amma mən onun məzarının üstünə getməmişəm. Mən indi də, sabah da, dünən də – orada 5-6 nəfər məndən ötəri əziz adam var, onların birincisi şəksiz-şübhəsiz Üzeyir bəy Hacıbəyov’dur. İkincisi, Əbülfəz bəydir, daha sonra Xəlil Rza var…

– Seyid Cəfər Pişəvəri var..

– Bəli, Seyid Cəfər Pişəvəri var, bir küncdə dəfn ediblər, məzarını güclə tapdım. Mən o adamları ziyarət eləyib qayıtmışam. Yanımda iki sürücüm olub. Allahverdiyev Qəribgil və 5-6 nəfər də bizim partiyanın üzvləri olub. Mənim hüzr yerimə gəlməyənin mən hüzr yerinə getmirəm. Mənə başsağlığı verməyənə mən başsağlığı vermirəm. Bir daha deyirəm, dünyasını dəyişmiş insanlar haqqında pis danışmaq olmaz. Mən sual verəndən xahiş edirəm ki, əgər əlində elə bir fakt, şəkil varsa, sizə təqdim eləsin, siz də televiziyada göstərin. Əgər Azərbaycan televiziyasında, radiosunda belə bir fakt varsa, yayımlasınlar. Yenə deyirəm, əgər getmiş olsaydım, deyərdim getmişəm, özüm də yaxşı eləmişəm. Heç kəsin də ixtiyarı yoxdur, mənə desin ki, kimin qəbrini ziyarət edim, ya etməyim. Bu, bilirsinizmi, nəyi xatırladır? Bəzi dostlarımız deyirlər ki, Avropa Şurası’nın Azərbaycan parlamenti haqqında qərarı var, seçkilərdən imtina edin. Mən Avropa Şurası’nın qərarı ilə seçkilərə getmirəm ki, onların qərarı ilə də seçkilərdən imtina eləyim. Mən xalqımızın, millətimizin xeyiri üçün gedirəm seçkilərə və xalqımız da, millətimiz də mənim seçkilərdən imtina eləməyimə razı olmaz.

– Yeri gəlmişkən, boykot məsələsinə necə baxırsınız? Çoxları seçkiləri boykot elədi…

– Boykot məsələsi bilirsinizmi, necədir? Milli Şura’da boykota gedənləri anlayıram və onların fikirlərinə hörmətlə yanaşıram. Amma bu gün Azərbaycan’da camaatla görüşmək üçün elə bir məhdudiyyət yaranıb ki, bu fürsətdən yararlanmaq lazımdır. Baxın, İsa Qəmbəri Lənkəran’a buraxmadılar, Əli Kərim’lini rayona buraxmırlar. Camaatın içinə çıxa bilmirlər. Hər tərəfdən təpki, basqı ilə qarşılaşırıq və bu gün bizə o imkan yaranıb ki, seçkilərdə seçicilərlə xalqın içərisində görüşək. Qutudan kim çıxacaq, o maraqlı deyil. Sən də bilirsən, mən də bilirəm ki, qutudan kim çıxacaq. Amma xalqla təmasda olub, xalqın dərdini bilib, xalqın istəyini anlayıb, sözü bir yerə qoyub müxalifət birləşə bilərmi, xalqın istəyi dalğasında? Bundan niyə imtina etməliyik biz? Niyə bundan qaçmalıyıq? Ancaq hər bir insanın fikrinə də mən hörmətlə yanaşıram. Yəni biri var demokratiya, biri də var ifrat demokratiya. Roma papasından artıq katolik olmaq olmaz. Demokratik dövlətlərin bu dəyəri varsa, Azərbaycan hakimiyyətin yarıtmaz siyasəti nəticəsindədir. Həm daxili siyasətinin və həm də xarici siyasətinin… Bu medalın bir üzüdür. Avropa Şurası’nın bu qərarı Rusiya ilə Azərbaycan’ın isti münasibətindən sonra ortaya çıxdı. İndiyə qədər də siyasi məhbuslar var idi. Bunu Avropa yaratmırdı ki, Azərbaycan üçün? Yüzlərlə cavanlarımız, gənclərimiz, o cümlədən Leyla xanım, digər bizim xanımlarımız türmədədir. Bunu Avropa Şurası həbs eləməyib. Bunu Azərbaycan hökuməti qanunsuz şəkildə – o cümlədən səni, məni həbs edir, sonra da sifarişli hökmlər çıxarır. Sonra da Avropa bunu qarşıya qoyur. İnsan haqlarına “sahib çıxın!” deyir. Amma seçkiyə gedib-getməmək hər bir siyasi təşkilatın, hər bir adamın şəxsi işidir. Kiminsə göstərişilə seçkiyə gedilməməlidir. Kiminsə göstərişilə də seçkiyə getməkdən imtina olunmamalıdır.

– İsgəndər bəy, elə müxalifətlə bağlı da maraqlı suallar var. Elvin Hüseynoğlu soruşur: “Neçə ildən sonra müxalifət birləşib, Milli Şura’nı yaratdı. Nə üçün Milli Şura’nı tərk etdiniz?” Elvin Əhmədov deyir ki, “Milli Şura’nın yarandığı gün İsgəndər Həmidov’un çıxışı yadımdadır. Nəyə görə Milli Şura’dan ayrıldınız? Nəyə görə Cəmil bəyi, ümumilikdə demokratik düşərgəni tərk etdiniz?”

– Çox sağ olsun, Elvin bəy. Yaxşı sualdır. Milli Şura zərurəti o vaxt yarandı. Əgər xatırlayırsınızsa, o zaman siz yox idiniz, üzr istəyirəm. Milli Şura yarananda Rüstəm İbrahimbəyov’un adı çəkiləndə 147 nəfərin içərisindən təkcə mən demişəm ki, o, Moskva’nın projesidir və Azərbaycan’a da gəlməyəcək. Ona görə də əleyhinə səs vermişəm. Orada oturanların hamısı çevrilib, tərs-tərs mənə baxdılar. İkinci çıxışımda isə dedim ki, gəlsin Rüstəm İbrahimbəyov burada söyləsin ki, xalqına, millətinə doğrudan da xidmət etmək istəyir, məni də inandırsın, o zaman ona səs verim. Üçüncü dəfə dar çərçivədə dedim ki, mən 32 il Daxili İşlər Nazirliyi’ndə işləmişəm. Azərbaycan’da ikili vətəndaşlıq yoxdur. Moskva’nın vətəndaşı gəlib burada heç bir siyasi təşkilata, quruma rəhbərlik edə bilməz. Putin Azərbaycan’a səfər elədi və Azərbaycan hakimiyyətilə anlaşmadan sonra İbrahimbəyov dedi ki, məni Rusiya vətəndaşlığından çıxarmırlar. Bu, absurddur və bir az da nağıla oxşayır. Həm də o, Rusiya’nın şəxsiyyət vərəqəsini cırıb-tullayıb, Azərbaycan’a gələ bilərdi. Mən keçmiş orqan işçisi kimi deyirəm. Sonra Milli Şura’da müxalifətin bir-birilə yola getməməyi nəticəsində Milli Şura’ya vahid namizəd Cəmil Həsənli irəli sürüldü. Cəmil Həsənli şərəfli adamdır, yaxşı insandır, gözəl də seçki kampaniyası apardı, ancaq Milli Şura’nın dağılması yaranan gündən görsənirdi. Əgər siz mənim dediklərimin həqiqiliyini yoxlamaq istəsəniz, sizin də, mənim də dostum Səfər bəydən, Eldar bəydən soruşa bilərsiniz. Onlarla birgə çölə çıxdıq və dedim ki, bunu sonu yoxdur, dağılacaq. Çünki Milli Şura’da ümumi mübarizə bir kənarda qaldı prezident seçkiləri məsələsi. iki nəfərin, iki partiyanın qarşıdurması oldu. Adlarını deməyəcəm, çünki onların hər ikisinə böyük hörmətim var…

– AXCP ilə Müsavat Partiyası…

– Onlara böyük hörmətim var. Amma gəlib, zalda otursaydınız, görərdiniz ki, Milli Şura iki partiyanın dialoquna çevrildi. Və mənim Milli Şura’dan çıxmağım, hələ Milli Şura dağılmamışdan qabaq olmuşdu. Mən bəyan etdim ki, Milli Şura’dan çıxıram. Çünki mən qeybəti sevmirəm, fəaliyyət göstərməyi sevirəm. Mənim üçün iki rəng; ya ağ var, ya da qara… Mən o iki rəngin arasında seçə bilərəm. Amma üçüncü rəng sarı, çəhrayı rəng məndət ötrü məqbul deyil. Milli Şura’nın dağılması labüd idi. O vaxt labüd idi yarandı, sonra da labüd idi ki, dağıldı.

– Yəni deyirsiniz ki, yaranmalı olduğu zaman yarandı, dağılmalı olduğu zaman da dağıldı…

– Bəli… Sabah taleyüklü məsələdə – Qarabağ məsələsində mən İsa bəyin də fikrini bilirəm, Müsavat’ın fikrini də bilirəm – əgər Azərbaycan özündə güc tapıb, torpaqları azad etmək uğrunda müharibəyə başlasa, biz bütün siyasi fəaliyyətimizi dayandırıb, hakimiyyətə olan patoloji nifrətə baxmayaraq, kömək eləməyə hazırıq. Təki Vətən azad olsun. Yəni o taleyüklü məsələlərdə müxalifət yenə birləşəcək və yenə bir yerdə olacaq. Bir yerdə də hərəkət edəcək. O ki qaldı liderlik məsələsinə, mən hər zaman liderlik söhbətindən qaçmışam. Liderlik heç kimə lazım deyil. Məmməd Əmin Rəsulzadə’nin ətrafında görün kimlər var idi… Necə şəxsiyyətlər var idi… O şəxsiyyətlərin içində şəxsiyyət çıxdı. Bir anlıq təsəvvür edin ki, Difai Partiyası, Müsavata dəstək verməsə idi, nələr baş vermişdi?

– Bəli…

– Savadlı oğlansan, bilirsən… Bir anlıq təsəvvür edin ki, o adamların hərəsi bir firqə yaradıb, hərəsi bir birlik yaradıb, deyir ki, mən nazir olum. Məmməd Əmin Rəsulzadə’nin böyüklüyünə fikir verin ki, Xoyskin’i qabağa buraxdı ki, o, baş nazir olsun. Daxili İşlər Naziri, baş nazir oldu. Məmməd Əmin Rəsulzadə faktiki olaraq, hakimiyyətdə vəzifə tutmayıb.

– Heç bir vəzifəsi olmayıb…

– Bəli, amma lider olub. Baxın, bu, liderlikdir. Kürsü hələ ələ keçməmiş, kürsü uğrunda mübarizə aparmaq, bu, artıq ayrı şeydir…

Əvəz ZeynallıXural Gazetesi

 

Yazan Editör - Tem 23 2019. Kategori Dünya, Gündem, İktibas, Politika, Türk İslam. Bu yazıya yapılan yorumları takip edebilirsiniz RSS 2.0. Bu yazıya yorum yapabilir ve geri izlemede bulunabilirsiniz

Yorum yaz

Göndermeden önce alttaki eksik işlemi tamamlayınız. *

Ebed Bizimdir - Kuzey Kafkasya bölgesi ağırlıklı olarak, Türk-İslam coğrafyasından özel haberler, yorumlar ve makaleler.